Azeri RehberTEHRAN ƏYƏ BİLMƏDİYİNİ QƏTLƏ YETİRİR

Qulamrza Əmaninin qardaşları ilə birlikdə "avtomobil qəzasına düşməsi" belə qənaətə gəlməyə əsas verir

S.SƏDRƏDDİN

 

Azərbaycan türkünün milli-mədəni haqqı uğrunda mübarizə aparan insanları həbsxanalara salıb onları fiziki-mənəvi işgəncələrə məruz qoymaqla, qətlə yetirməklə Tehran rejimi bütünlükdə millətimizə mənəvi əzab verir.


Artıq məlum olduğu kimi, Güney Azərbaycan Milli Hərəkatının tanınmış simalarından biri Qulamrza Əmaninin qardaşları Cəfər və Kərimlə birlikdə Əhər - Təbriz yolunda, Təbrizin girişində İran İslam İnqilab Keşikçiləri Qvardiyasına məxsus yük maşını tərəfindən "avtomobil qəzası"na uğraması xəbəri hərəkat təəssübkeşlərinin hər birində qəzəb və nifrət, acı hiss oyatdı. "Qəza" zamanı onunla birlikdə Qulamrza Əmaninin iki qardaşı da həlak oldu.


Öncə mühəndis Qulamrza Əmani haqqında. O, 1973-cü ildə Təbriz yaxınlığındakı Geris rayonunun Qaragüney kəndində anadan olub. Q.Əmani Təbriz Universitetinin "Aqrar mühəndislik" fakültəsini bitirib. İxtisasca mühəndis-aqronom idi. Milli haqların gerçəkləşməsi yolunda fəaliyyətinə görə İranın Milli Təhlükəsizlik Nazirliyi (ETTELAAT) tərəfindən dəfələrlə həbs edilmiş, fiziki-mənəvi işgəncələrə məruz qalmışdı. Beş ildən artıq həbsdə saxlanılmış, amma bu, onu tutduğu yoldan döndərə bilməmişdi. Həbsxanadan çıxandan sonra İslam Respublikasının çeşidli qurumları, o cümlədən ETTELAAT tərəfindən ölümlə hədələnmişdi. Tutduğu haqq yolunda Qulamrza Əmanini əyə bilməyən Tehran hakimiyyəti "avtomobil qəzası" ilə onun həyatını və mübarizəsini dayandırdı.

ƏMANİNİN MƏHBƏS GÜNDƏLİYİNDƏN

O, həbsxanaya düşməzdən öncə milli və qanuni haqlarımız uğrunda mübarizə aparıb. 1996-cı il İran parlamentinə seçkilər zamanı millət vəkilliyinə namizədliyini irəli sürmüş doktor Mahmudəli Çöhrəqanlının təbliğatçılarından olub. Elə bu səbəbdən də rejim onu daim nəzarət altında saxlayıb. Seçkilərdən bir müddət sonra M.Çöhrəqanlı ilə əlaqəsi olanlarla yanaşı, Q.Əmani də həbs edilmişdi. Rejim onu azadlığa buraxdı. Sonra sonuncu parlamentə (2000-ci il) seçkilər qabağı M.Çöhrəqanlı, Q.Əmani və başqaları yenidən həbs olundular. Çöhrəqanlı zəmanətlə azadlığa buraxılsa da, Əmani zindanda saxlandı.


İran tipli dövlətlərdə milli haqları və ədalət tələb edən insanları mövcud rejimlər bir qayda olaraq ləkələyirlər. Tehran rejimi mühəndis Qulamrza Əmanini Çöhrəqanlı ilə birlikdə təsəvvürə və ağla gəlməyən ittihamla - "qaçaqmalçılıq"la mühakimə edirdi. Q.Əmaniyə qarşı irəli sürələn maddələrin biri də, guya, onun İran sərhədini qanunsuz keçməyə cəhd göstərməsidir. Bu "səbəb"lərdən Tehran rejimi onu beş il müddətinə azadlıqdan məhrum edib.


Təxminən 8 il öncə onun həbsxanadan yazdığı bir məktubu qısaca "Ayna"da çap etmişdik. Həmin məktubdan bir məqamı yenidən diqqətinizə çatdırırıq: "İnan, qardaşım, bacım, həbsxana məni sıxa, düşmən yıxa bilməz".
Redaksiyamıza Tehran rejiminin zindanında milli haqları tələb etdiyinə görə yatan mühəndis Qulamrza Əmaninin Təbriz həbsxanasında yazdığı gündəlik daxil olub. Gündəliyi ixtisarla diqqətinizə çatdırırıq.
"Çoxdandır toy-bayram görməmişəm mən.
Öz doğma qardaşımdan aralıyam mən.
Qoy dost da bilsin, düşmən də bilsin.
Hələ ölməmişəm, yaralıyam mən".


Q.Əmaninin həbsxana gündəliyi bu bəndlə başlayır. O daha sonra yazırdı: "Hansı ittihama görə həbsdəyəm? Hansı ittihama görə öz ailəmdən ayrı düşməyə məhkum olmuşam? Hansı istəklərim insan haqlarına, qanunlara uyğun deyil ki, ailəmin bayramlarını, xoş günlərini acılara çevirib, bacılarımın gözlərini ağlar, dostlarımın gözlərini yolda qoymuşam? Bu ayrılıqlar, acılar nədən bizi çulğalayıb? Bütün bu çətinliklər, ayrılıqlar, acılara dözüm elimə, millətimə sevgimdən irəli gəlir. Bir sözlə, Azərbaycana olan məhəbbətimdəndir.
Təkcə təqsirim mənim,
Başımda el sevdasıdır.
Ömür olunca, çəkmərəm
Əl bir belə təqsirdən".


Bu ayrılıqlara, acılara, çətinliklərə eşq olsun. Eşq olsun o keçmişə ki, məni dustağa çevirib. Eşq olsun o gələcəyə ki, bu həbslər öz bəhrəsini verəcək. Qardaşım, bacım, bu zindan mənə dar ağacı da olsa, güllə də olsa, yolumdan çəkindirə bilməz. Azərbaycana bir can nədir, min canım olsaydı, qurban edərdim. Bu yolda nə qəfəs məni sıxar, nə də ayrılıq yorar.
Azərbaycanın azadlığı yolunda bir yolçuyam. Qardaşımın beli bükülər, bükülsün. Hər nə olsa da, and olsun Millətimlə bağladığım ilqara, Azadlıq harayı boğazımdan kəsilməz.


Əziz qardaşım, soydaşım, düzdür, qışın sazağı arzu bağlarımın güllərini çulğalayıb. Lakin onları soldura bilməz. Baharımıza, yazımıza qovuşmaq üçün qışın sazağı ilə savaşmalıyıq. Yorulmamalıyıq. Ədalət işıq saçıb zülməti boğacaq. O işığı gözləməliyik. Bir-birimizə arxa duraraq çətinliklərə dözməliyik. Gecə-gündüz mübarizə aparmalıyıq.


Dünyanın istibdadı yığışsa belə, Azadlıq harayını boğa bilməz. Necə ki bütün qaranlıqlar kiçik bir şamın işığını söndürə bilməz. Onlar, sadəcə, mənim cismimi həbsə alıblar. Mən işgəncələrə məruz qalmışam. Hələ də işgəncələrin sağ ayağımdakı yeri qalmaqdadır. Sağ ayağımın sümükləri işgəncələrin təsirindən sınıb. Vurulan hər zərbədən sonra ayağımın üstü qaralır.


Lakin ruhum və fikrim həbsə alına bilməz. Ona görə ki Mən Türk Oğluyam. Millət fədaisiyəm. Odur ki, gəncliyimizin mübarizəsi zindanı titrədir, düşməni qorxudur, zülmü silir, zalımı sıxır.
İnan, qardaşım, inan, bacım, dustaqxana məni sıxa, düşmən yıxa bilməz.
Təbriz həbsxanası,
10.02.2001-ci il".
Müdrik adamlardan biri mürtəcelər üçün dünya durduqca qüvvədə qalacaq bir söz deyib: "Zalımlar mütərəqqi insanı öldürər, bu, şəhidlikdir".

SON AYLARIN MÜƏMMALI QƏTLLƏRİ

İran zindanlarında ağır fiziki və mənəvi işgəncələrə tab gətirib sınmayan bu hərəkat təmsilçisi "avtomobil qəzası"nda milyonlarla birgə çıxdığı yolu yarımçıq qoydu. Xatırladaq ki, Azərbaycan türklərinin milli haqları uğrunda mübarizə aparanlara qarşı Tehran hakimiyyəti həbsdən, çeşidli təzyiq üsullarından istifadə etməklə yanaşı, belə insanları oğurlayıb öldürməkdən də çəkinmir.


Bir neçə ay öncə hərəkat təəssübkeşlərindən biri Fərhad Möhsüninin qətlə yetirilməsi ilə bağlı xəbər yayıldı. Bu azərbaycanlı gəncin cəsədi Təbrizin Şahgölü adlı parkından tapılıb. Şahidlərin dediyinə görə, onun cəsədində güllə yaraları aşkarlanıb. Bu isə o deməkdir ki, bu azərbaycanlı gənci güllələyərək qətlə yetiriblər. Ailəsi isə onu bir müddət idi axtarırmış.
25 yaşlı Fərhad Möhsüni 2006-cı ilin məlum may etiraz aksiyalarının ildönümü ərəfəsində İranın Milli Təhlükəsizlik Nazirliyi tərəfindən oğurlanmışdı. Yayılmış məlumatlara əsasən, o, 2006-cı il mayın 22-də Təbrizdə keçirilən etiraz aksiyası zamanı polislərin açdığı atəşdən güllə yarası almış və tutulmuşdu. Vəkilin iştirakı olmadan keçirilən qapalı məhkəmədə mühakimə olunmuşdu.


Güney Azərbaycan türklərinə qarşı Tehran hakimiyyətinin apardığı basqı siyasətini mühacir azərbaycanlı hüquqçu Babək Azəri belə dəyərləndirib: "Farsların bir məsəli var: "Yaxşılıqda nə pislik var ki, onlar pisliyi seçiblər?" Bu fikri xatırladaraq, bu sualla müraciət etmək istəyirəm: "Axı nədən bu bu faciələr törədilir?"


Aldığımız məlumata görə, rejim təmsilçiləri Fərhad Möhsüninin valideynlərini hədələyərək demişdilər: "Onun həbsdə olması barədə məlumat yaymayın. Əks halda, Fərhad Möhsüni ilə yanaşı siz də cəzalanacaqsınız".


Uzun müddət idi ki rəsmi orqanlar onun harada saxlanıldığı və sağlıq durumu barədə heç bir məlumat yaymırdı. Onun qətlə yetirilərək Təbrizdəki Şahgölü parkının yaxınlığında tapılması hər kəsin hiddətinə səbəb olub.
Azərinin yazdığına görə, baş verən bu faciəli hadisə dünya mediasında özünə yer aldıqdan sonra Tehran hakimiyyəti məsələyə münasibət bildirməyə məcbur oldu. İranın rəsmi xəbər agentliyi İRNA Şərqi Azərbaycanın polis rəisinin Fərhad Möhsüninin qətli ilə bağlı açıqlamasını yaymışdı: "20 gün öncə 23 yaşlı Fərhad Möhsüni dostları ilə gəzməyə çıxıb. Bundan sonra o, izsiz-soraqsız yoxa çıxıb. Cəsəd Şahgölündə tapılıb, məhkəmə-tibb ekspertizası tibbi müayinədən keçirərkən onun bədənində döyülmə izləri və zədələr müşahidə ediblər. Bu araşdırma onun psixotrop maddə qəbul etdiyini aşkarlayıb. Son nəticəyə görə, Fərhad Möhsüni qəbul etdiyi həblərin nəticəsində özünü suda boğub".


Hüquqçu Tehran hakimiyyəti təmsilçisinin açıqlamasını dəyərləndirərək yazıb: "Öncədən xatırladaq ki, 2006-cı ilin may etiraz aksiyalarında həbs olunmuş Səttar Səliminin də saxlanıldığı yeri polis və ETTELAAT-ın yerli idarələri onun valideynlərindən gizli saxlayırdılar. O, həbsdə olduğu iki ay ərzində ağır işgəncələrə məruz qalmış, sonra isə qətlə yetirilmişdi. Onda hakimiyyət təmsilçiləri S.Səliminin cənazəsini ata-anasına təhvil verəndə ölümün səbəbi barədə oxşar fikir söyləmişdilər: "Səttar Səlimi zindandan qaçıb, Arazdan keçərkən boğulub". Amma ölkənin çağdaş tarixində İran həbsxanasından kiminsə qaçmasına dair fakt bəlli deyil".


Onu da xatırladaq ki, Azərbaycanın məşhur yazıçısı Səməd Behrəngi də şahın zamanında Arazda "boğulmuşdu". Bu baxımdan şah və ya ayətullalığından asılı olmayaraq, Tehran hakimiyyəti düşmənlərini eyni üsulla aradan çıxararaq "boğulma" üsulu ilə qətlə yetirir.


Babək Azəri Şərqi Azərbaycan polis idarəsi rəisinin izahatını aşağıdakı kimi dəyərləndirib:
"Fərhad Möhsüninin cəsədi tapılandan sonra İranın rəsmi dairələri və mətbuatı nədən susdu? İnsan haqlarını müdafiə edən təşkilatlar tərəfindən və Tehran hakimiyyətinin nəzarətində olmayan informasiya vasitələrində məlumat yayıldıqdan sonra dövlət rəsmisi açıqlama verdi.


Bu gənc siqaret belə çəkməyib. Bu halda polis rəisinə xatırlatmaq lazımdır ki, həmin həbləri ancaq narkotik maddə aludəçiləri qəbul edirlər. Bu yerdə ən maraqlı, diqqətçəkən məqam ondan ibarətdir ki, Fərhad Möhsüninin valideynlərinin verdiyi məlumata görə, onu ETTELAAT məmurları tutublar. Eləcə də ailə üzvlərinə bu barədə məlumat yaymamaq barədə hədələyəci xəbərdarlıq edilib.


F.Möhsüni kimyəvi maddə ilə zəhərləndirilərək öldürülüb. Çünki son zamanlar həbsdən buraxılmış azərbaycanlı siyasilərin dediklərinə görə, həbsxanada onlar təkadamlıq kamerada saxlanılır, verilən yemək-içməkdən sonra məhbusun əli əsir, yaddaşı itir, çəkisi azalır və s. Buna "tədrici zəhərlənmə" də deyilir. Bu, bir müddət davam edərsə, ölümlə nəticələnir. Bu zaman ölünün cəsədində həmin maddənin izi qalmır. Əgər bu ittiham yersizdirsə, o zaman Tehran hakimiyyəti məhbusların saxlanıldığı yer və s. bu kimi məsələlərlə bağlı beynəlxalq ictimaiyyətin nəzarətinə imkan yaratsın.


Təəssüfləndirici hal odur ki, Tehran hakimiyyəti baş vermiş olayı birtərəfli şərh edir, gəncin ölümünü "intihar" kimi dəyərləndirir, halbuki bu iş daha ciddi şəkildə araşdırılmalı və tərəfsiz məhkəmə onunla bağlı qərar verməlidir. Bu isə İranda yoxdur.


Bu hadisənin bir insani aspekti də var. Oğul dağı görən ata-anaya təsəlli vermək, onları dəstəkləmək hər birimizin insani borcudur. Amma Tehran hakimiyyəti o dərəcədə bu keyfiyyəti itirib ki, ölüsünü torpağa tapşırmazdan öncə nəzarətlərində olan informasiya vasitələrində qətlə yetirilmişin "narkoman" olduğu barədə açıqlama verib. Bu həm də ata-anaya zülmdür, onlara qarşı psixoloji təzyiqdir".

TƏSƏLLİ... YAŞASIN ARAZ!

"Baybak"ın məlumatına görə, Qulamrza Əmani və onun qardaşlarının yas mərasimində onminlərlə Azərbaycan türkü iştirak edib, mərhumların yaxınlarına başsağlığı verib. Mərasimdə tacirlərdən tutmuş, ruhanilərə, ziyalılara qədər hər təbəqədən insan olub. Bu törəni Tehranın çoxlu sayda silahlı polisi, mülki geyimli təmsilçiləri və havadan iki vertolyotu izləyib.
Mənbənin məlumatına görə, həftəboyu mərhumlarla bağlı mərasimlər keçiriləcək. Xaricdə yaşayan və fəaliyyət göstərən bir sıra qurumlar faciəli olayla bağlı Əmanilər ailəsinə və millətimizə başsağlığı və təsəlli veriblər. Onların arasında Kanadanın Ontario bölgəsində fəaliyyət göstərən Azərbaycanlılar Cəmiyyətinin idarə heyəti, Güney Azərbaycan Siyasi Birlik və Əməkdaşlıq Komissiyasının təmsilçiləri: Abdulla Əmir Haşimi, Firudin Pərvizniya, Maşalla Rəzmi, Məhəmməd Müştaq, Nurəddin Qərəvi, Azərbaycan Milli Partiyası, Güney Azərbaycan Konqresi və b. təşkilatlar, tanınmış şəxslər də var.


Güney Azərbaycan Konqresinin faciəli olayla bağlı yaydığı bəyanatda deyilir: "Bu hadisəni şübhə ilə qarşılayaraq, onun səlahiyyətli orqanlar, o cümlədən beynəlxalq təşkilatlar, KİV təmsilçiləri tərəfindən araşdırılmasını rica edirik. Mühəndis Qulamrza Əmani və onun qardaşlarının itkisi ilə əlaqdar onun həyat yoldaşı Xurşid xanıma, azyaşlı oğlu Araza, qohumlarına, dostlarına və Azərbaycan türklərinə başsağlığı veririk".
Azərbaycan Türkünün bu mübariz oğlunun faciəli və müəmmalı ölümü ilə bağlı "Ayna" qəzeti olaraq, biz də Uca Millətimizə, Vətən Azərbaycana başsağlığı verir, Tanrıdan rəhmət, milli hərəkatçılara isə tutduqları yolda başarılar diləyirik.