Nədən Quzey Azərbaycan aydınlanma hərəkəti başladı?
Güntay Gəncalp
İlk baltanı kim vurdu bilən varmı? Kim vurdu ilk baltanı dini cəhalətin, şəriətin qaranlıq yasalarının belinə? İlk baltanı Axundov vurdu. Axundov vurdu şəriətin belindən və boynundan. Bu ilk balta çox önəmli idi, çünkü vuruş kültürünün əsasını qoydu. İslam şərqi sərt qaranlıqda boğulduğu zaman Axundov bir məşə´l yaxdı. Daha sonra qaranlığın doğruduğu fırtınalar bu məşə´li söndürə bilmədi. O zaman belə bir sual ortaya çıxır: Bütün islam şərqi hələ bu günə qədər cəhalətin qaranlığında ikən, Axundov necə meydana çıxdı? Dindarlar nədən Axundovu öldürə bilmədilər? Şəriət nədən Axundovu boğmadı, boğa bilmədi? Nədən Axundovun açdığı yolda yürüyənlər gündən-günə artar oldu? Bütün bu sualların bir tək cavabı var: QOPUŞ. Hər bir qopuş bir yeniliyin oluşumu üçün zəmin sağlar. “Qopuş” və “oluş” qavramları anlam baxımından bir-birinə çox yaxındır. Böyük gəmilər dənizlərdə səfərə çıxmaq üçün ilk öncə sahildə bağlanan bağlarını qoparmalıdır. Yeni hədəflərə görə yola çıxmaq üçün, keçmişə, qaranlıq tarixə bağlanan bağlar qoparılmalıdır. Atatürk də bu bağları baltaladığı üçün Anadoluda aydınlanma hərəkəti başladı. Osmanlı qaranlığına bağlanan bağları baltaladı Atatürk.
Qopuş! Bu sözə diqqət edəlim. Nədən və nələrdən qopuş? Tarixin gövdəsindən, kültürlərdən, inanclardan qopuş və tarixin fəlsəfəsinə, anlamına doğru yönəliş, yürüş və oluş. Olmaq ya da olmamaq! Ya tarixin qaranlığında ilişib qalmaq (olmamaq), ya da düşüncənin və düşlərin (xəyalların) gücü ilə gələcəyə doğru yürüş. Nitşe “Allahın öldüyü xəbərini sizlərə çatdırıram. Qarşınızdakı əngəl götürülmüşdür, gələcəyə doğru yürüyə bilərsiniz.”- deyirdi. Üstün insan olmaq üçün hər kəs öz düşüncə gələnəyini yaratmalıdır. Tanrı keçmişdə deyil, keçmişlərdəki Tanrı ölmüşdür. Tanrıya qovuşmaqmı istəyirsiniz? O zaman irəlidə olan Tanrıya doğru yürüyəcəksiniz. Çünkü keçmişin yüksək dəyərləri ordadır. Keçmiş də gələcəkdə bəklər bizi. İnkişaf nədir? İnkişaf bir nəsllə daha öncəki nəslin arasındakı fərqliliklərə görə, xeyir fərqliliklərə görə deyil, təzadlara görə ölçülür. “Atalar və oğullar” arasındakı təzadlar tərəqqinin ölçü birimidir (vahididir). Bu üzdən tarixin, gələnəklərin basqısından qurtuluş “olma”nın və “oluş”manın ilkin şərtidir. Ulduzlar, günəş və planetlər də hər an oluşmasaydılar sönərdilər, dağılardılar. “Tanrı da daimi bir oluşun adıdır.”- deyir Hüseyn Cavid. Daimi və əbədi rəqs edişin şüuruna Tanrı deyir Hüseyn cavid. “Rəqs etmədə hətta o görünməz ulu məbuud.”
Yüz illər boyunca üst-üstə qalanmış, camiləşmiş, institutlaşmış şəriət gələnəklərinin tənqid edildiyi yerdə aydınlanma və insan ağlına önəmvermə sürəci başlayır. Hər ağlın ortaq bilgi artışına qatılma imkanı var. Bunu durdurmuşlar şəriətçilər. Düşünmək yayqın tarix anlayışın və ənənələrin axışında hərkət deyildir. Düşünmək onlardan qopuşla sağlanır. Düşünmək hər kəsin edə biləcəyi iş deyildir. Əksəriyət düşünməkdən xoşlanmazlar. Ənənələr, dini gələnəklər, şəriət də düşünməyən bu çoğunluğun təşkil etdikləridir. Gələnəklər nədir? Düşünməyən, təqlidə, qaranlığa, şəriətə və tənbəlliyə alışmış çoxluğun, düşünən azlıq üzərində hakimiyyəti və diktatorluğudur. Bu istibdad gah din adı ilə ortaya çıxmış, gah da başqa ideologiyalar adı ilə.
Hər bir “oluş” üçün bir “qopuş” olmalıdır söylədik. Quzey Azərbaycan 1813-1828-ci illərdə şiə orta çağından rus qılıncının gücü ilə qopdu. Bu “qopuş” çox önəmli idi. Hər şey bu qaranlıq tarixdən qopuşla başladı. Bu qopuşdan o üzə heç bir şey yoxdur, çöllük, qumsallıqdır. İndiki İran, Əfqanistan, Ərəbistan kimi. Bu qopuşla ənənəvi şəriət düşüncələrinə zərbə vuruldu. Axundov ilk dəfə Şərqdə laiklik haqqında danışanda İranda və Osmanlıda bu sözü dilinə alanların dilini kəsirdilər. Dində reformdan yana olan BABilər öldürüldükləri bir zamanda Axundov Şərq kültürünün tənqidinə başlamışdı. Aydınlıqları boğaraq öldürməkdə bolluca təcrübələri olan dindarlar, şəriətçilər Axundova yaxınlaşa bilmədilər. Rus ordusu önlərini kəsmişdi. Rusiyanın modern silahları şəriətin qatillik xasiyətini durdurmuşdu. Ziya Göyalp da aydınlığı Axundov başlatdı söyləyəcəkdi. Əgər Osmanlı və Qacar hüquq sistemi şeyx-ül islamların ölüm fətvalarını dəstəkləyirdi isə, rus hüquq sistemi şeyx-ül islamların ölüm fətvalarını əngəlləyirdi. Böyük bir imperatorluğun ordusu şəriətin önünü kəsmiş və insanlara düşünmə haqqı tanımışdı. Bu üzdən Mirzə Cəlilllər, Sabirlər öldürülmədilər. Üzeyirlər yaşaya bildilər. Bu da aydınlanmaq və aydınların yaşaya bilmələri, öldürülməmələri üçün bir şans oldu. Bu şans Şərqin kiçicik bir qismində, Quzey Azərbaycanda aydınlanmaya təməl oldu.
Çox ilginc olan bu idi ki, min il şəriətin qaranlıq və qatil yasaları altında yaşayan Quzey Azərbaycan bugünkü Güney Azərbaycan kimi nə milli kimliyə ehtiyac duymuşdu, nə də düşünməyə. Şəriət qaranlıqları sarmışdı insanların beyni və ruhunu. Bu üzdən də fars milliyətçiliyinin təlqini ilə dövran sürüb gedirdi. Axundovdan o üzə qaranlıqdır, qumsaldır. Tək-tək çiçəklər var bu qumsallıqda. Belə anlaşıldı ki, fars kimliyi ilə iç-içə girmiş olan şəriətin qaranlıq yasaları türkləri sömürürmüş. Türklər bunu rus istilasına keçdikdən sonra anladılar. Rəsulzadə rusların bizə verdiyi bu xeyiri bu sözlərlə özətləyəcəkdi: “Tanrı istərsə düşmən xeyirlər sağlar.” Rəsulzadənin haqlılığı ortaya çıxdı ki, “bizə milli sitəm öz cinsimizdən gəldiyi üçün “nəfsi müdafiə” duyğularımızı itirdik.” Öz cinsimiz kimlər idilər? Ortaq şəriət qaranlığında ərəb-fars milliyətçiliyi məzmunlu şəriət anlayışına xidmət edən türklər. Panfarsizm və panərəbizm qarşısında susqun durub kimliyini itirən türk, panslavyanizm qarşısında susqunluğunu pozdu. Çünkü bizi panslavyanizmə bağlayan ortaq şəriət anlayışı yox idi.
Marksın “Din toplumun uyuşdurucusudur.” görüşü təsdiqləndi. Min il bizi uyuşdurmuşdu şəriət. Ortaq din anlayışı içində rahatca uyuyan türk o ortaqlıqdan qopar-qopmaz bir kimlik axtarışı içinə girdi. Axtarış başladı isə, davam edər. Tarixə qarşı çıxar, tarixin önünü kəsər və gələcəyə doğru yönələr. Rus idarəsinə keçən türklərdə bu görüş şəkilləndi: “Biz fars deyilmişik, rus da ola bilmərik. Gəlin özümüz olalım!” Ahh, ey qaranlıq sən nə sərtmişsən? Bu gerçəyi dərk etmək üçün rus qılıncı nə gec gəldi? Ancaq bu qılınc da Tataristanda, Başqurdistan və digər bölgələrdə türkləri silib yox etdi. Rusiya Quzey Azərbaycanı İran mühitindən ayırmaq üçün silah gücünə ana dilində məktəb açdı ki, millət farsca oxumaqdan əl çəksin. Çocuqların məscidlərdə ərəbcə-farsca oxumasını elm sayan əhali yavrularını otun, peyinin altında gizlətdilər, ana dilində oxumasınlar deyə. Ancaq rus silahı Rusiyanın mənafeyini təmin etməli və Quzey Azərbaycan kültür və düşüncə baxımından İranın tarixi mühitindən qoparmalı idi. Daha sonra Rusiya dolayısıyla Qərbi öyrənib və milli kimliyi dərk edən aydınların yetişməsi...
Şəriət vurmuş sosial mühiti tənqid edən Sabirlər “Harda müsəlman görürəm qorxuram” yazacaq və heç bir şeyx-ül islamın əmri ilə öldürülməyəcəkdilər. Bir halda ki, tam eyni dönəmlərdə bir Azərbaycan qızı çıxadı Qəzvindən, Tahirə Qürrət ül Eyn adında. Başından hicabını atdı. Şeirlər yazdı. Qadın haqlarını savundu. Şəriətin sərt yasalarını tənqid etdi. Nə etdilər bu qadınla? Öldürdülər atdılar bir quyuya. Xurşud Banu natəvanın öldürülməsini rus ordusu, rus hüquq sistemi əngəllədi. Nə zaman yabancı güclər islam şərqinə girib hakim olmuşlarsa insanlıq, aydınlar rahat nəfəs çəkə bilmişdir. Insanların özəl həyatına hakim olan şəriətin qaranlıq yasalarını yabancı güclər əngəlləyə bilmişdir. Bu gün İraqda və Əfqanistanda eyni hadisələr yaşanır. Oranın qadınları, aydınları düşünmək üçün zaman bulmuşlar. Özgürlüyü yabancı bir güc onlara ərməğan edir. Quzey Azərbaycanda rusların etdiyi kimi. Kərkükdə dünyəvi həyat haqqında yazılar yazılır. Daş-qalaq edilən Əfqanistanda qadın məclis başqanı olur. Nədən? Çünkü qaranlıq şəriət tarixindən qopuş üçün əlində atom bombası olan bir dövlət girdi bu ölkələrə. Öz tarixlərindən, şəriət qaranlığından qopduqca içlərindən Sabirlər, Üzeyirlər, Axundovlar çıxacaq. Çünkü artıq İraq və Əfqanistan gənci Nitşeni, Hegeli, modern fəlsəfəni öz dillərinə tərcümə edib oxuya bilirlər, buna görə şəriət onlara ölüm hökmü çıxara bilmir. O zaman qaranlığın yuvası olan, qadının araba sürməsi yasaqlanan Ərəbistan nə zaman fəth ediləcək?
Eyni olayı bir lider, bir dahi Anadoluda gerçəkləşdirdi. Keçmişin durğun və qaranlıq adamöldürən şəriət tarixindən toplumu ayırdığı üçün islam şərqində Türkiyə yaşanıləır duruma gəldi. Qadınlar daş-qalaq edilmir, modern hüquq sistemi var. Ancaq bir əndişə var idi. Keçmiş xortlamasın deyə, dünyanın ən böyük ordularından biri şəriətin önünü kəsmiş, laik dövlətin qurucusudur.
Bu qopuş hər şeyi öz təsiri altına aldı Azərbaycanda: Davranışı, düşüncə tərzini, dünyaya baxışı və ədəbiyatı. Tolstoyla, Puşkinlə tanışmaq böyük bir fürsət oldu. Nisbətən azad və dünyəvi rus hüquq sistemində yaşayan aydınların yaradıcılığı bizləri də İran mühitində təsirləndirdi. Axundov bütün Şərqi öz təsiri altına aldı. Bu sürəc içində Azərbaycanda yeni məzmunlu qəzəl janrı da yarandı. Bunu başladan isə Seyyid Əzim Şirvani idi. Seyyid Əzim Şirvani belə dəyişikliyə uğramış bir ortamda yetişdi.
Qəzəlin Şərq ədəbiyatında ayrıcalığı olmuşdur. Uzun əsrlər boyunca bolluca yaradıcılıq təcrübələri qəzəl janrında sınanmışdır. Ancaq yayqın qaranlıq və şəriət basqısı altında olduğu üçün daima mazoxist özəllik içərmişdir. İstisnalar olmuşdur, ancaq yayqın olan mazoxism baxış olmuşdur. Azadlıq əsarətdə görülmüşdür. Tanrının kölələri sayılmışdır bütün insanlar. Tanrını da yer üzündə xəlifələr, şahlar təmsil etdiyi üçün, xəlifələrə, şahlara kölə olmağa bəraət qazandırmışdır şəriət və şeyx-ül islamlar. Uzun saçların kəməndində bənd olub, burulub, burxulub qalmaq azadlıq olaraq görünmüşdür. Əslində uzun saçların kəməndində əsir olan insan öz sosial durumunu anladırdı. Çünkü şəriət yasaları insanı elə əsarətə uğratmışdı ki, azadlığın nə olduğunu anlaya bilməz hala gəlmişdi. Çünkü hər bir yaradıclığın arxasında bir dünyagörüşü olmalıdır. Qəzəlin arxasındakı dünyagörüşü də bu olmuşdur. Əsarət böyük sənət dili ilə öyülmüşdür. Sənətin gözəlliyi əsarəti azadlıq kimi göstərmişdir. Başqa növ göstərməyə meydan verilməmişdir. Ancaq Seyyid Əzim Şirvani qəzəl janrında yeni dünyagörüşünü estetik üslubu ilə ortaya qoyur və insan azadlığını, fərd azadlığını bütün dəyərlərin üstündə görürdü. Şərqin aydınlıqboğar tarixinin də basqısını ruslar durdurduğu üçün yazmaq mümkün olmuşdu. Rusların Şərqin aydınlıqboğar tarixinin önünü kəsməsi daha sonra Mirzə Cəlillərin, Cabbarlıların və Üzeyirlərin yetişməsinə zəmin sağlayacaqdı. Bu yazını burda bitirəlim və “Seyyid Əzim Şirvanidə dünyəvilik” yazısına keçəlim.



