İranda prezident seçkilərini boykot edirik
Güney Azərbaycan Demokrat Partiyasının bəyanatı
İran adlanan ölkənin teokratik sistemi və diktator molla rejimi öz hakimiyyətini qoruya bilmək üçün hər vasitə ilə çalışır ki, dövlət mexanizmini daim öz təkəlləri (inhisarı, monopoliyası) altında saxlasın. Bu təkəlçilik təkcə vilayəti-fəqih sistemini tətbiq etməklə və panfarsizmi dövlət siyasətinə çevirib fars şovinizmini daim ayaqda tutmaqla yox, həm də seçkilərə nəzarət etməklə, millətin öz istədiyini deyil, rejimin istədiyini “seçməsini” təmin etməklə ortaya çıxmaqdadır. Hər kəsə bəllidir ki, son otuz il boyunca keçirilən seçkilərin hamısı formal xarakter daşımış və rejimin beş-on nəfər üst düzey kadrlarının müəyyənləşdirdiyi siyahılardan qıraqda kimsə millətin iradəsi ilə harasa seçilməmişdir.
İndi həmin formal xarakterli seçkilərdən biri – İran İslam Cumhuriyyəti prezidenti seçimi gündəlikdədir. Anayasaya görə, prezident dövlətin sınırlı icra gücünün bir parçasıdır. Bəri başdan da aydındır ki, millət öz istədiyi şəxsi yox, rejim yönəticilərinə gərək olan, onlar tərəfindən müəyyənləşdirilən və hansı biri “seçilsə” də rejimə xidmət edəcəyi şübhə doğurmayan dörd rejim kadrından birini prezident seçməlidir. Elə ona görə də, rejim yönəticilərinə gərək olmayan bütün başqa kadrlardan heç birinin adaylığı qeydə alınmamış və onlar öncədən çıxdaş edilərək prezident seçkilərindən uzaqlaşdırılmışlar.
İran İslam rejimi öz antidemokratik davranışını ört-basdır edib özünü demokrat göstərmək və xalq içərisində seçkiyə maraq yaradıb daha çox adamın səsverməyə qatılmasına nail olmaq üçün hətta radio-televiziya dartışmaları da təşkil etmiş, müzakirələr açmış və rejimin bəlirlədiyi dörd adayın öz baxışlarını, nəzərlərini bildirmələrinə şərait yaratmışdır.
İndiki seçkinin öncəkilərdən başlıca fərqli özəlliyi burasındadır ki, artıq rejim Güney Azərbaycan faktorunu görməzlikdən gələ bilmir və 2006-cı il 2 Xordad (22 May) Azərbaycan Milli Qalxışının bütün ölkəyə etgisi özünü prezident seçkisində də göstərməkdədir. Artıq seçki öncəsi kampaniyalarda birbaşa Azərbaycan milli hərəkatı ilə bağlı münasibətlər səsləndirilməkdədir. Eyni zamanda, prezidentliyə adayların Anayasanın 15-ci və 19-cu maddələrindən, məhəlli parlamentlərdən və üstüörtülü olaraq federalizmdən danışmaları çox mətləblərdən xəbər verməkdədir.
Öz adaylığını Təbrizdən irəli sürüb “Mənim təşkilatım Azərbaycandır!” deyən Əkbər Ələminin adaylığının rədd edilməsi heç də təsadüfi sayıla bilməz. Şübhə yoxdur ki, Əkbər Ələminin 22 May Azərbaycan Milli Qalxışını dəstəkləməsi rejimin onu təkcə İran Məclisinə seçkilərə yox, həm də prezident seçkilərinə buraxmamasına səbəb olmuşdur.
Rejim bir yandan Azərbaycan milli hərəkatını aday verməkdən məhrum edir, o biri yandan isə kökəncə Azərbaycan Türkü olan Musəvini ortaya atır. Təbii ki, bu kimi gedişlərlə rejim həm milli hərəkatın yönünü dəyişdirməyə, həm də Azərbaycanlıların seçkiyə aktiv qatılması ilə rejimin məşruluğunu gücləndirməyə çalışır.
Rejimin əl atdığı çeşidli gedişlərə baxmayaraq, Güney Azərbaycan milli hərəkatı indiki prezident seçkisində düzgün yol tutmuş, prezidentliyə adayların Güney Azərbaycandakı bütün toplantılarında milli istəkləri önə çəkməyi bacarmışdır. Artıq bu mərhələdə İran adlanan ölkə üzrə Azərbaycan Türkcəsinin rəsmi dil olması, Milli Parlamentin yaranması, federalizm sistemi və bu kimi məsələlər əmniyyəti məsələ olmaqdan çıxmış və geniş kütlələr içərisində yayılmışdır.
Güney Azərbaycan Demokrat Partiyası gerçəkçi bir siyasi partiya olaraq öz millətinin gücünə əmindir və inanır ki, Güney Azərbaycanda millətin milli və insani haqları hər şeydən üstündür. Bu haqlara çatmaq üçün təbii ki, bütün mümkün vasitələrdən istifadə edilməlidir. Bu günədək seçki kampaniyasında deyilə biləcək sözlər deyildi və görülə biləcək işlər görüldü. Ancaq prezidentliyə adaylar içərisində Azərbaycan milli hərəkatının istəklərinə uyğun olası bir aday yoxdur və ona görə də, biz bu seçkini milli çıxarlarımıza zidd sayır və onu boykot etdiyimizi bildiririk.
Güney Azərbaycan Demokrat Partıyasının İcra Aparatı
2009.06.09



